Fevralın 13-də Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirildi. Tədbirdə Cənab Prezidentimiz İlham Əliyev iştirak edib. Mingəçevir şəhərində yeni 1280 meqavat gücündə elektrik stansiyasının təməli qoyuldu. Təməli qoyulan bu elektrik stansiyasının 2025-ci ilə açılışı gözlənilir. Bu, çox əlamətdar hadisədir. Ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcəkdir. Mingəçevir hazırda elektroenergetika sahəsində ölkəmizin əsas şəhəridir. Mingəçevirdə fəaliyyət göstərən elektrik stansiyası bu gün ölkəmizin elektrik enerjisinə ehtiyacının böyük hissəsini ödəyir. Mingəçeviri nəinki Azərbaycanın, ümumiyyətlə, Qafqazın enerji mərkəzinə çevirən Ulu Öndər Heydər Əliyev olmuşdur. 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulmuşdur. Böyük stansiyanın birinci blokunun 1981-ci ildə Heydər Əliyevin şəxsən iştirakı ilə açılışı olmuşdur. İllər keçdikcə istənilən infrastruktur köhnəlir, o cümlədən Mingəçevir Elektrik Stansiyasının yenidən qurulması prioritet məsələlərdən biri idi. 2020-ci ildə stansiya öz əzəli gücü ilə yenidən işləməyə başlamış və 2400 meqavat generasiya gücünə malik olmuşdur.Mingəçevir şəhəri Azərbaycanın və nəinki Azərbaycanın, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır. Bu gün Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu üçün bu Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaqdır. Stansiya Azərbaycanın daxili resursları çərçivəsində inşa ediləcək. Bu, hərtərəfli uğurlu bir layihədir. Hazırda dünyada, Avropada, o cümlədən Azərbaycanda bərpaolunan enerjiyə daha böyük üstünlük verilir, biz də bu sahədə böyük uğurlara artıq imza atmışıq. Ənənəvi resursların, ənənəvi stansiyaların da faydası göz önündədir. Bu stansiyanı biz xarici tərəfdaşlarla birlikdə inşa edəcəyik. Bugünkü mərasimdə İtaliyanın şirkətlər və “Made in Italy” naziri iştirak edir. Eyni zamanda, Çinin bir şirkəti bu stansiyanın tikintisində iştirak edəcək. “Azərenerji” ilə İtaliyanın “Ansaldo” şirkəti arasındakı əlaqələr burada həlledici rol oynayır. Azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda bu gün böyük quruculuq-bərpa işləri getdiyi bir dövrdə, o bölgənin enerji potensialı araşdırılır. İtaliya şirkətinin bu stansiyanın inşasında iştirakı təsadüfi deyil. İtaliya bizim strateji tərəfdaşımızdır. İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır, yüksək səviyyəli qarşılıqlı səfərlər təşkil edilmişdir. Bütövlükdə energetika sahəsində əməkdaşlıq ənənəvidir. Azərbaycan neftinin böyük hissəsi İtaliya bazarına çatdırılır və iki ildən artıqdır ki, Azərbaycan qazı İtaliya bazarına çatdırılır. İtaliya-Azərbaycan əlaqələri təkcə iki ölkənin maraqlarını təmin etmir, böyük coğrafiyanın maraqlarını təmin edir. Azərbaycanda bütövlükdə elektroenergetika sahəsi son illər ərzində çox sürətlə və uğurla inkişaf etmişdir. Son 20 il ərzində Azərbaycanda 34 elektrik stansiyası inşa edilmişdir. 2025-ci ildə fəaliyyətə başlayacaq yeni stansiya bizim enerji potensialımızı daha da gücləndirəcək. Çünki buna həm Azərbaycanda, həm də Avropada ehtiyac var. Dövlət başçımız çıxışın sonunda qeyd edib ki, biz doğrudan da böyük və önəmli işin təməlini qoyuruq. Əminəm ki, stansiya nəzərdə tutulmuş vaxtda inşa ediləcək və həm ölkəmizin enerji potensialını gücləndirəcək, həm də xarici tərəfdaşlarla yeni, gələcək layihələrə yol açacaqdır.Aydın Əliyev,Xocalı rayon ziyalısı